Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasının prezidenti seçilib.
Bu qərarı COP28-in prezidenti Sultan Əhməd Al-Caber elan edib və sədrlik vəzifəsini rəsmi olaraq Muxtar Babayevə təhvil verib. Çıxışı zamanı Babayev "Hər kəsi Bakıda qarşılamağı səbirsizliklə gözləyirəm" deyərək məmnunluğunu ifadə edib.
COP29-un rəsmi açılış mərasimində çıxış edən Al-Caber, qəti addımlar atmağın zəruriliyini vurğulayıb və Azərbaycanın şüarını sitat gətirərək, "Yaşıl dünya naminə həmrəy olaq" deyə bildirib. O, ölkələri iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq etməyə və tərəfdaşlıq qurmağa çağırıb.
“Əməllərimiz sözlərimizdən güclü olmalıdır”, - deyə Al-Caber vurğulayıb və iqlim dəyişikliyi ilə mübarizədə konkret addımların vacibliyini qeyd edib. O bildirib ki, qlobal səviyyədə bərpa olunan enerji potensialının artırılması təşəbbüsünə artıq 55 ölkə qoşulub, lakin daha çox səylərə ehtiyac var. Al-Caber, Dubayda əldə edilən konsensusun tarixi adlandırılması üçün daha çox iş görülməli olduğunu qeyd edib.
Turan informasiya agentliyi