top of page

İqlim dəyişikliyi müqaviləsinin icraçi katibi Bakida yeni ambisiyali maliyyə məqsədini razilaşdirmağa çağirdi

Nov 19

2 min read

BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İcraçı Katibi Saymon Stil, COP 29 çərçivəsində Bakıda "Yeni Kollektiv Kəmiyyət Məqsədi" (NCQG) olaraq adlandırılan iqlim maliyyə hədəfinin qəbul olunması üçün üzv dövlətlərə müraciət etdi.

UNFCCC-nin 29-cu sessiyasının açılışında çıxış edən Stil, 22 noyabra qədər davam edəcək müzakirələrin iqlim böhranına cavab vermək üçün vacib platforma olduğunu vurğuladı. "Bu böhran bütün dünyada hər bir insana təsir edir. Tərəflər bu qarışıqlıqdan çıxış yolu tapmalıdır. Məhz buna görə də burada, Bakıda, iqlim maliyyəsi üçün yeni qlobal hədəfi razılaşdırmalıyıq," deyə o bildirdi.

Stil xəbərdarlıq etdi ki, əgər dünyanın ən azı üçdə iki hissəsi sürətlə emissiyaları azaltmaq imkanına malik olmazsa, bütün ölkələr ağır bədəllər ödəyəcək. O, təchizat zəncirlərində dayanıqlığın təmin edilməsinin iqtisadi itkilərin qarşısını almaq üçün zəruri olduğunu qeyd etdi.

"İqlim maliyyəsinin xeyriyyəçilik kimi qəbul edilməsindən imtina edək," deyə Stil vurğuladı. "İqlim dəyişikliyinə qarşı mübarizə üçün yeni, ambisiyalı maliyyə hədəfi, o cümlədən ən böyük və ən varlı ölkələrin də maraqlarına tam cavab verir. Lakin yalnız bir məqsəd razılaşdırmaq kifayət deyil. Ölkələrə zəruri büdcə manevr imkanları yaratmaq üçün qlobal maliyyə sistemini islah etməliyik."

Stil həmçinin Paris Sazişinin 6-cı maddəsi üzrə müzakirələrin tamamlanmasından sonra beynəlxalq karbon bazarlarının işə salınmasının vacibliyini vurğuladı. "COP 28-də Dubayda razılaşdırılan hədəflərin həyata keçirilməsi üçün iqlim mitiqasiya səylərini irəli aparmalıyıq. Qlobal orta temperaturun 1,5 dərəcə Selsi ilə məhdudlaşdırılması hədəfinin əlçatmaz olmasına imkan verməməliyik. Hətta temperatur artsa belə, razılaşmalarımız bu prosesi geri çevirməyə kömək etməlidir," deyə o bildirdi.

Stilin sözlərinə görə, 2024-cü ildə təmiz enerji və əlaqəli infrastruktur sahəsinə yatırımların 2 trilyon dollara çatacağı gözlənilir ki, bu da fosil yanacaqlara ayrılan məbləğin iki qatına yaxındır. "Təmiz enerji və iqlim dayanıqlılığına keçid dayandırıla bilməz. Bizim vəzifəmiz bu prosesi sürətləndirmək və onun faydalarını bütün ölkələrə və icmalara çatdırmaqdır," deyə o əlavə etdi.

Stil 2025-ci ildə başlayacaq Zərərlərin və İtkilərin Qarşılanması Fondunu da qeyd edərək maliyyə və texniki dəstək mexanizmlərinin təkmilləşdirilməsinin davam etdirilməsinin vacibliyini vurğuladı. Stil əlavə etdi ki, 2024-cü ilin sonuna qədər təqdim ediləcək BMT-nin ikiillik şəffaflıq hesabatları (BTR) iqlimlə bağlı irəliləyişi və aradan qaldırılmalı olan boşluqları daha aydın göstərəcək.

"Gələn il bütün ölkələr üçüncü nəsil Milli Müəyyənləşdirilən Töhfələrini (NDC 3.0) təqdim edəcək. Hazırlıq və yayılmada dəstək olmaq üçün UNFCCC, COP 29-dan başlayaraq gələn ilin sentyabrına qədər davam edəcək 'İqlim Planı' kampaniyasına start verəcək," deyə Stil qeyd etdi. O əlavə etdi ki, kampaniya BMT Baş katibi və COP 30-a sədrlik edəcək Braziliyanın iqlim fəaliyyətini dəstəkləyən səylərlə uyğunlaşdırılacaq. 2025-ci ildən etibarən keçiriləcək İqlim Həftələri isə müzakirə prosesi və COP 29 nəticələri ilə daha sıx əlaqələndiriləcək.

"Biz Bakını əhəmiyyətli nəticələr əldə etmədən tərk edə bilmərik," deyə Stil vurğuladı. "Tərəflər bu anın əhəmiyyətini dərk etməli və müvafiq şəkildə hərəkət etməlidir. COP 29-da qətiyyət və yaradıcı yanaşma nümayiş etdirin. Bütün tərəflərin birləşməsi və qlobal əməkdaşlığın nəyə qadir olduğunu göstərməsi lazımdır. İndi məğlub olmadığımızı sübut etmək vaxtıdır — biz möhkəm dayanırıq. Gəlin birgə səylərlə bu fürsətdən maksimum istifadə edək."


Turan informasiya agentliyi

Nov 19

2 min read

0

0

0

Comments

Share Your ThoughtsBe the first to write a comment.
bottom of page